“Dirçəliş Günü Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi əhəmiyyətə malikdir” - MÜNASİBƏT

18:59 16.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“17 noyabr Milli Dirçəliş Günü Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi əhəmiyyətə malikdir. SSRİ kimi totalitar bir dövlətin ərazilərimizdə erməni sepratizmini körüklədiyi ilk zamanlara təsadüf edən həmin proseslər millətimizin milli mənlik şüurunun formalaşmasında, müstəqilliyə aparan yolda vacib rol oynadı”. Bunu SİA-ya açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq yüz minlərlə azərbaycanlı eyni amal, eyni məqsəd üçün bir araya gəlməyi bacardı. Düzdür, həmin hadisələr fonunda Azərbaycanda güclü siyasi liderin olmaması, bəzilərinin proseslərdən öz şəxsi mənfəətləri üçün istifadə etmələri noyabr aksiyalarının məntiqi sonluqla yekunlaşmasına imkan vermədi: “Bununla belə, SSRİ rəhbərliyi total nəzarət mexanizmlərinə baxmayaraq Azərbaycan xalqının heç bir zaman separatizmə, terrora boyun əyməyəcəyini gördü. Əslində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmizdə mühüm rol oynayan xalqımızın müqəddəs amal uğrunda birləşməyi bacardığını biz hələ illər öncə Dirçəliş Günündə də görmüşdük. Həmin illərlə müqayisədə bu gün əldə etdiyimiz nailiyyətlər, ərazi bütövlüyümüzün bərpası, erməni separatizminə son qoyulmasını şərtləndirən ən mühüm amillərdən biri məhz güclü liderə, əyilməz siyasi iradəyə malik ali rəhbərliyə malik olmağımızdır”.